Dünyanın ən böyük oyun şirkətində çalışan Nicat Behbudov: “Silicon Valley”ə gəlmək uşaqlıq arzum idi” | Banco.az

Dünyanın ən böyük oyun şirkətində çalışan Nicat Behbudov: “Silicon Valley”ə gəlmək uşaqlıq arzum idi”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu gün Azərbaycanı vətəndən kənarda layiqincə təmsil edən kifayət qədər gəncimiz var. Onlar dünyanın müxtəlif ölkələrində uğurları ilə vətənimizin adını yüksəklərə qaldırırlar.

Bu gənclərdən biri də dünyanın ən böyük oyun şirkəti olan Electronics Art-da  (EA) çalışan Nicat Behbudovdur.

Uşaq vaxtı oyunlara olan marağı illər sonra  Nicatı Silikon Vadisinə gətirib. Banco.az beş ildir Kaliforniyada yaşayan Nicatın uğur hekayəsini təqdim edir:

Nicat, siz dünyanın tanınmış oyun şirkətlərindən olan EA-da çalışırsınız. Təbii ki, bu gün bir çoxlarının arzusu  “Silicon Valley”ə gedib çıxmaqdır. Bu “səyahətiniz” necə başladı?

Bilirsiniz, “Silicon Valley”ə  gəlmək uşaqlıq xəyalım olub. Çox rahat bir formada deyə bilərəm ki, məni arzularım Amerikaya gətirib çıxarıb.  Həmin vaxtlarda kompüterlərə, texnologiya sahəsinə çox böyük marağım var idi.Əmimoğlu Portuqaliyaya gedib, təhsil alıb qayıtdıqdan sonra, Silikon Vadisi barədə təəssüratlarını mənimlə paylaşdı. O danışırdı ki, dünyanın tanınmış "Google", "Facebook", "Apple" kimi böyük şirkətlərinin mərkəzi ofisləri, baş qərargahları Kaliforniyanın Bay Area deyilən yerində yerləşir. Hələ yeddinci və səkkizinci sinifdə oxuyanda artıq Amerikaya gəlməyi qarşımda hədəf qoymuşdum. 10-cu sinifdə oxuyanda "Flex" proqramı vasitəsi ilə Amerikaya gəlib təhsilimin bir ilini burda tamamladım. Ali təhsilimi İqtisad Universitetində mühasibat uçotu və audit üzrə dörd il oxuyub bakalavr dərəcəsi aldıqdan sonra, "Procter" and "Gamble" şirkətində çalışmağa başladım.

Mən hiss edirdim ki, Azərbaycanda olan karyera imkanları xüsusilə də texnologiya üçün olanlar istədiyim qədər deyil. "Procter" and "Gamble" şirkətindən sonra mən Pittsburg Universitetində MBA dərəcəsi üzrə iki ilə təhsil aldım. Pandemiya vaxtı 250-ə yaxın şirkətə müraciət etdim. Nəticədə, EA şirkətində iş tapdım. Hazırda bu şirkətdə məhsul mütəxəssisi kimi çalışıram.

Arzularıma, hədəflərimə köklənməyin daha bir səbəbi çətin keçən uşaqlıq illərimdir. Mən məcburi köçkün ailəsində doğulmuşam. Ailəmiz Ağdam işğal edildikdən sonra, Bakıya köçməli olub. Ümumiyyətlə, gəlib çatdığım bugünkü vəziyyətimə, ailəmə görə, hər zaman şükr edirəm.

Nicat, keçdiyiniz bu yolda  təhsil nə qədər rol oynadı?Azərbaycanda qazandığınız təcrübə Amerikada sizə kömək edə bildimi?

Ümumiyyətlə, karyeranın ilk illərində universitet təhsili çox önəmli olur. Çünki təkcə ali təhsil deyil, eyni zamanda komanda ilə işləmək bacarığı, münaqişələri həll etmək bir sözlə “soft skill”lər yəni yumuşaq qabiliyyətlər haqqında öyrənirsən. Bu bacarıqlar gələcəkdə müəyyən vəzifələrə yüksələndə prosesləri idarə etmək bacarığı aşılayır.

Mən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunuyam. Bu  İqtisad Universitetinin daxilində ingilis dilində kurikulum əsasında aparılan təhsil idi. Həmin illərdə mənə dərs deyən professorlar, müəllimlər Azərbaycanda ən yüksək şirkətlərdə işləyən adamlar olub.  O şəxslər sənayenin içində olan insanlar idi. Təbii ki, belə şəraitdə təhsil almaq karyera baxımından da müsbət gələcək vəd edirdi. Mən belə şəxslərdən aldığım dəstəyə və məsləhətlərə görə özümü çox şanslı hesab edirəm.

Azərbaycan və Amerikada gənclərin karyera seçimlərində fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

Amerikada olan gənclərin daha çox imkanları var. Çünki burada daha böyük və  fərqli sənaye sahələri var. Sən artıq istədiyin sahədə, karyera istiqamətində düşünüb rahat pul qazana bilərsən.

Burada daha böyük risklər etmək olur. Azərbaycanda daha çox maliyyə, həkim və hüquq təhsili almaq istiqamətində gənclər ixtisaslaşmaq istəsələrdə, bəziləri daha fərqli sahələrə marağı ola bilər. Artıq o digər sahələr üzrə böyük karyera qurub pul qazanmaq çətindir.

Ola bilərki kimsə təbiəti, heyvanları, bitkiləri sevə bilər və hətta bu sahə üzrə karyerasını qurmaq istəyi yarana bilər. Amma Azərbaycanda artıq bu arzu ilə karyera qurmaq imkanı dar çərçivədədir. Amerikada isə həm karyera imkanı daha genişdir, həm də insanlar fərqli bir çox şey öyrənib tətbiq etmək şansları əldə edə bilərlər. Siz hətta çox istəsəniz, bu sahədə öz şirkətinizi belə qura bilərsiniz.

Bilirsiniz ki, hazırda bir çox sahələr, ixtisaslar gələcək üçün aktuallığını itirmək üzrədir. Siz hazırda karyera hədəfləyən, ali təhsil, ixtisas seçimi üzərində düşünən gənclərə əsas hansı istiqamətlərə fokuslanmalarını tövsiyyə edirsiniz?

Mən o vaxtlar ixtisas seçimi edəndə məlumat imkanları məhdudluğu səbəbindən yaxınlarım ilə məsləhətləşərək mühasibat uçotu və auditi seçdim.  2024-cü ildə hansısa bir gəncin ixtisas seçimi etməsi, araşdırma üçün, kifayət qədər resurslar var. Hazırda texnologiya şirkətində işlədiyim üçün daha çox bu sahəyə doğru ixtisaslaşma aparılması düşüncəsindəyəm. Düşünürəm ki, gələcəkdə  hər hansısa bir kompüter, proqram təminatı, data mühəndisliyi kimi ixtisaslar həmişə lazım olacaq. Bəziləri süni intellekti əsas gətirərək proqram mühəndisliyinə ehtiyac olmayacağı düşüncəsində olsa da, mən əksinə ağıllı mühəndislərə həmişə ehtiyac olacağı qənaətindəyəm.

Elə tələbələr var ki, beyinlərinin daha çox kreativ tərəflərini inkişaf etdirməyi sevirlər.  Məsləhətim odur ki, gənclər uşaq vaxtı arzusunda olan, onları sevindirən ixtisaslarla bağlı düşünsünlər. Əgər həmin sahə hələ də onların motivasiyasını yüksəldirsə, seçimi o istiqamətdə edə bilərlər.

Azərbaycanda daha asan və tez yolla pul qazanmaq həvəsində olan bir kütlə var. Xüsusilə kriptovalyuta və kiçik səhmlər alqı-satqısı, dropshipping və s kimi sahələrə son 5 il ərzində həvəs artıb. Mənim üçün çox maraqlıdır, Amerikada yaşayanların bu sahələri marağı varmı, yoxsa Azərbaycan kimi kiçik inkişafda olan ölkələrin əhali kütləsi üçün daha cəlbedicidir?

Əlbəttə, Amerikada da belə düşünən insanlar var. Vəziyyət elə Azərbaycandakı kimidir. Sadəcə olaraq Amerikada resurs imkanı, yəni oxumağa kitablar çoxdur, baxmağa ingilis dilində  video seçimləri genişdir. Bu sahədə təcrübəsi olan adamlar tapmaq, onlarla görüşmək, əlaqə qurmaq, pulsuz kurslar imkanı çoxdur.

Dropshipping köhnədən qalan biznes modeli sayılır. Çünki Amerikada bir çox şirkətlər birbaşa Çindən mal gətirib Amerikada sata bilirlər. Yəni "dropshipping" modeli  artıq aktual deyil.

Nicat oyun şirkətində çalışırsınız, hansı oyunları daha yaxşı oynamağı bacarırsınız?

Hal-hazırda ən yaxşı bacardığım oyun “FC 24” oyunudur.  Bundan başqa "Call of Duty", "Battlefield" kimi oyunları daha yaxşı oynuyuram.

Ən sərfəli kredit üçün müraciət et

Sizin EA-da işiniz nədən ibarətdir?

"EA" 30 milyard dollara yaxın dəyəri olan böyük bir şirkətdir. Bizim həm telefonlar, həm oyun konsulları, həm də şəxsi kompüterlər üçün oyunlarımız var. Mən isə EA-nın mərkəzi departamentində məhsul meneceri kimi çalışıram. Burada işim əsas  sistem arxitekturasında və bu oyunların qurulmasında lazım olan proqram təminatının inkişafı, yeni proqram təminatının düzəldilməsi və əvvəldən qalan proqram təminatlarını həyatda saxlamaqdan ibarətdir.

Bu işi görmək üçün həm texniki, həm də yumşaq qabiliyyətlər lazımdı. Mən EA-nın bütün ofislərində olan həmkarlarımla birlikdə işləyirəm. EA çox böyük qlobal şirkət olduğu üçün dünyanın hər yerindən -  Avstraliyadan tutmuş Çin, Rumıniya, Kanada və Amerikada olan adamlarla işləmək şansı qazanırsan. Bu da mənim üçün fərqli korporativ mədəniyyətləri öyrənməyə imkan verir.

Oyun hazırlamaq prosesi nə qədər həyəcanlıdır?

Mən birbaşa oyun proyektlərinin üstündə deyil,  bütün oyunlarının düzəldilməsi üçün lazım olan proqram təminatlarının üstündə işləyirəm. Elə oyunlar var ki, onları hazırlamaq həyəcanlı deyil.

Məsələn,  FİFA futbol oyunu  hər il yenilənən oyun olduğu üçün onun müəyyən bir cədvəli var. Həmin müddətə qədər bu oyunun müəyyən hissələri  hazır olmalıdır. Bu oyunu hazırlamaq həyəcandan daha çox təbii ki, yeni oyun hazırlamaq çətindir. Çünki hər il texnologiya inkişaf etdikcə, bizdən həm oyunçuların, həm də bazarın gözləntiləri artır. Hər il  oyun qrafikalarının inkişafı, serverlərinin stabilliyi daha da gözlənilir. İnformasiya təhlükəsizliyi, süni zəka kimi trendlər gəldikcə, innovasiyalar etməliyik.

Texnologiya şirkətində heç vaxt dayanmaq olmaz. Həmişə həm öz texniki məhsullarımızı, həm də bu prosesdə iştirakçı olan işçilərimizi, təhsil səviyyəmizi inkişaf etdirməliyik.

Nicat bildiyim qədər yaşadığınız şəhərdə olan azərbaycanlılarla münasibətləriniz də kifayət qədər yaxşıdır. Nə işlər görürsünüz?

Şimali Kaliforniyada Azərbaycan icmamız var. Biz hər bazar günü futbol oyununda görüşürük. İcmamız 2-3 aydan bir intellektual talant oyunları keçirirlər. Bizim burada rəqs ansamblımız da var. Milli bayramlarımızı  xüsusilə Novruz şənliklərini də qeyd edirik. Azərbaycan diasporası rəhbərliyi da tez- tez Şimali Kaliforniya səfərlər edir. Onlar həqiqətən də icmanı bir yerdə saxlamaq üçün çox işlər görürlər. Fərqli, maraqlı tədbirlər təşkil edilir. İcmanın tərkibində olan azərbaycanlıların hər biri "Google",  "Meta", "Apple" kimi böyük şirkətlərdə işləyirlər.  Bu da onların savadının, dünyagörüşünün necə inkişaf etməsindən xəbər verir.

Siz eyni zamanda şəxsi "İnstagram" səhifənizdə müxtəlif maarifləndirici, kiçik informativ videolar hazırlayıb təqdim edirsiniz. Mən də izlədim, çox maraqlıdır. Sizdən gələcək addımlarında mentor kimi məsləhətlər alan və nəticəsini gördüyünüz şəxslər olubmu?

Mən Amerikaya gəlməmişdən öncə "İELTS" dərsləri deyirdim. Bakıda mənim 30-40-a qədər tələbəm var idi. Bütün tələbələrin məqsədi təkcə imtahan vermək deyil, eyni zamanda xarici gəlib burada işləmək olduğu üçün onlara karyera məsləhətləri də verirdim. Hazırda  İnstagram-dakı səhifəmə tək azərbaycanlılar yox, fərqli ölkələrin millətləri də birbaşa yazaraq, müxtəlif məsləhətlər istəyirlər. Mən həm amerikada təhsil, həm iş, həm texnologiya sənayesində olan müxtəlif mövzular barədə mentorluq edirəm. Əgər oxucularınızdan bu imkanlardan faydalanmaq istəyənlər olarsa,  sosial şəbəkələrdən "Youtube", "İnstagram" və "Tiktok" üzərindən “@Nijatchats” ünvanı vasitəsilə izləyə bilərlər.

Gələcək hədəfiniz nədir?

Mən məhsul idarəetməsi üzrə (Product manager) direktor olmaq istəyirəm. Düşünürəm ki, oyunların bir çox şeylərin üzərində çalışmaqdansa, insanlarla işləmək daha çox maraqlıdır.

Nicat uzun illərdir Amerikada yaşayıb çalışan biri kimi, Amerika həyat tərzini nə qədər cəlbedici düşünürsünüz? Xüsusəndə, iqtisadi durumu nəzərə alsaq, ora köçmək istəyən həmyerlilərimizə hansı məsləhətləriniz olardı?

Bu barədə danışmaq bir qədər çətindir. Bilirsiniz, mən hər şey möhtəşəmdir deyə bilmərəm, çünki hər ölkədə yaşamağın öz çətinlikləri və üstünlükləri var.

 Azərbaycanda yaşamağın əsas üstünlüyü odur ki, dostun, ailən, emosional dəstəyin həmişə yanında olur. Pul qazana bilməsən, işdən nəsə bir problem olsa belə, müəyyən çətinliklər yaşanan zaman yaxın çevrənin verdiyi dəstəyi Amerikada sən heç kimdən ala bilməzsən.

Mən ailəli olduğum üçün, həyat yoldaşım mənə çox böyük dəstək olur. Amma təbii ki, atam, anam, bacım, 20 ildir olan dostlarım yanımda deyil. Amerikada yaşayan bütün azərbaycanlılardan soruşsanız ən birinci dediyi şey bu olacaq.

İkincisi, Amerikada olan imkanlar təbii ki, Azərbaycanda yoxdur. Xüsusilə də texnoloji texnologiya sahəsində. Amerikada öz savadını daha çox ortaya qoya bilirsən. Təbii ki, Azərbaycanda da böyük qlobal şirkətlərimiz var. Orada da çalışdığım şirkətdə böyük təcrübə qazanmışdım. Amma seçdiyim yol Amerikadan keçirdi. Burada yaşamaq, pul qazanmaq, nəsə əldə etmək, maşın almaq çox asandır.

Azərbaycanda isə maşın almaq üçün orta aylıq əmək haqqı daha yüksək olmalıdır.  Amerikada orta aylıq əmək haqqı yüksək olduğu üçün maşının qiyməti o qədər də sənə baha gəlmir.  Maşın kreditləri də daha aşağıdır. Ancaq burada səhiyyə xidməti xüsusilə də diş həkimləri  bahalı xidmət göstərir.

Mən hər dəfə Bakıya səfər edəndə orada dişlərimi düzəltdirirəm. Amerikada Azərbaycandakı yeməklərimiz üçün darıxıram. Çünki yeməyin, ətin, meyvənin, tərəvəzlərin keyfiyyəti tamam fərqlidir. Azərbaycanda isə  çox yüksək səviyyədədir. Yad ölkədə yaşadığımız üçün  doğmalıq hissi itir. Çünki burada milli mənsubiyyətim yoxdur. İlk vaxtlarda emosional mövzular sənə təsir etməyə bilər. Çünki sən çoxlarının arzusunda olduğu Amerikadasan. Mən isə beş ildir burdayam.

Azərbaycanda deyirdik “getməyə qərib, ölməyə vətən yaxşı”. Doğrudan da,  milli mənsubiyyət oldmadığı üçün Azərbaycan üçün darıxıram. Ölkəm haqqında tez-tez maraqlı təqdimatlar edirəm. Dövlətimi layiqli formada tanıdıram. Xüsusilədə şirkət video zənglərimdə, arxa fonlarında Azərbaycan şəkilləri qoyuram. İstəyirəm ki, onlar bilsinlər ki, mən Azərbaycandanam. Azərbaycan kiçik ölkə olduğu üçün mən çox istəyirəm ki, hamı ölkəmi tanısın.

Ən sərfəli krediti almaq üçün müraciət et